Tur Heyerdal(Dünyanı heyrətləndirən səyyah)

Image

Etnoqraf alim, arxeoloq, antropoloq, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elmlər akademiyasının akademiki, səyyah Tur Heyerdal öz ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətirib. Öz təəssüratlarını, xatirələrini, səyahət zamanı müşahidə etdiyi, tədqiqat apardığı məsələlərlə bağlı problemləri, araşdırmaları qələmə alan məşhur səyyah 10-dan artıq kitab və monoqrafiya müəllifidir. Əslində onun bu yazılı məlumatları keçirdiyi həyat yolunun sənədli ensiklopediyasıdır. İllər boyu öz ekspedisiyasının işindən, apardığı tədqiqatların nəticəsindən, ibtidai insanın, qədim sivilizasiyanın öyrənilməsindən yazan Tur Heyerdalın elmi yazılarını, macəra kitablarını oxuyanlar, demək olar ki, qeyri-adi bir mənəvi xəzinənin şahidi olublar.

Dünyada məşhur səyyahlar çoxdur. Amma onların çox azının adı tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Xristofor Kolumb, Magellan… və nəhayət, Tur Heyerdal. Okeanlarda, dənizlərdə öz gəmisi ilə üzən Heyerdalın Azərbaycanda olması da maraq və rəğbətlə qarşılandı. Onu bu işə sövq edən adi səyyahlıq, macəraçılıq yox, elmi həvəs, dünyanı dərk etməyə, təbiəti və onun sirlərini öyrənməyə olan dərin marağı idi.

Tur Heyerdal ötən əsrin əvvəllərində bir payız ayında Norveçin Larvik şəhərində doğulub. Atası pivə zavodunun sahibi, anası təbiətşünas olub. Lap uşaqlıq illərindən heyvanlar və bitkilər aləminə maraq göstərən Tur Heyerdal kiçik yaşlarında öz malikanələrində müxtəlif muzeylər yaratmışdır. Gah meşədən, dağdan, dərədən müxtəlif gül-çiçəkləri toplayaraq herbarilər düzəldər, gah da harada əlinə heyvan – dovşan, kirpi, dələ, tısbağa, ilan, tülkü… keçsə evə gətirərək özü üçün zoologiya muzeyi yaradardı. Bundan əlavə, coğrafiyaya da çox böyük maraq göstərərdi. Dağlara çıxmağı, çölləri gəzməyi, dəniz səyahətini çox sevərdi. Saatlarla qarışqaların həyat mücadiləsini seyr edərdi.

Görkəmli səyyah dəniz üzgüçülüyündə yeni səhifə açaraq qədim su yollarının marşrutlarını bərpa etdi. İllər boyu dünyanı gəzib dolaşaraq arxeoloji tədqiqatlar apardı. Onun yazdığı kitablar dünya elminin şah əsərləri sayıldı. Tur Heyerdal Köhnə dünya (Asiya, Avropa, Afrika) və Yeni dünya (Amerika) arasında xalqların transokean miqrasiyasının mümkünlüyünü tədqiq etmişdir. Onun apardığı arxeoloji tədqiqatlar nəticəsində qədim insanın mənşəyi, xalqların adət-ənənəsi öyrənilib, tapıntılar əldə edilib, bir sıra elmi kəşflərə nail olunub. Polineziya adalarının Amerikadan gələn əhali tərəfindən məskunlaşdığı da Tur Heyerdal tərəfindən sübuta yetirildi. Onun rəhbərlik etdiyi “Kon-Tiki” ekspedisiyasının nəticələrinin düzgünlüyünü dünya alimləri dəfələrlə təsdiq etdilər. Ötən əsrin ortalarında Heyerdalın adı dünyaya bəlli oldu. Onun elm sahəsindəki müzəffər yürüşünün ünvanları genişləndi. Bu böyük alim və səyyah öz xatirələrində yazırdı: “Biz Marokkoda (Mərakeşdə – F.X.) suya “Ra” plotonu – qamışdan düzəldilmiş gəmini buraxanda və Atlantik okeanını üzmək istəyəndə yeddi nəfər idik. Hamımız da müxtəlif mədəniyyətlərə malik adamlar. Mən sübut etmək istəyirdim ki, insanlar məhdud bir sahədə əla yaşaya və dərilərinin rəngindən, dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq təhlükəsizlik vəziyyətdə əla ötüşə bilərlər”.

Xatirələrdən bəlli olur ki, onun kitab rəfində həmişə Bibliya və Quran yanaşı qoyularmış. Hətta okeanları üzərkən özü ilə həm Bibliyanı, həm də Quranı götürərmiş. O, dünya sivilizasiyasına mənsub olan bu müqəddəs kitabları çox sevərmiş. Həmişə də söyləyərmiş ki, əslində o, hər şeyi bu kitablardan öyrənib. Demək olar ki, okeanların və dənizlərin hamısında üzmüşdü. Bir devizi vardı: “Elm yalnız və yalnız sülhə, dostluğa xidmət etməlidir”. Sonra da əlavə edərdi ki, bu, təkcə mənim deyil, bütün tərəqqipərvər ictimaiyyətin fikridir. Sülhə xidmət etməyən elmin heç bir qiyməti olmaz.

O, 1953-cü ildə Qalapaqos adalarında insan məskənlərinin qalıqlarını aşkar etdi. Sonra isə Sakit okeandakı Pasxia adasını tədqiq etməyi qərara aldı. Arxeoloji qazıntılar zamanı adanın hər yerindən qədim bütlər tapıldı. Bu bütlər və digər əşyalar sübut etdi ki, Peru hindiləri Haitiyə gedərkən yolüstü burada məskən salıbmışlar. Beləliklə, onun həmin adalarda apardığı tədqiqatlar nəticəsində məlum oldu ki, bu yerlərdə XIV əsrdə insanlar məskunlaşıblar. 1970-1978-ci illərdə qamışdan düzəldilmiş troslu gəmisi ilə Atlantik okeanını, Fars körfəzini, Ərəb və Qırmızı dənizləri üzən Tur Heyerdal Maldiv adalarını, Peruanı tədqiq etdi. Ekspedisiyalar əsasında Tur Heyerdalın yazdığı kitablar dünyada geniş şöhrət qazandı: “Cənnət axtarışında”, “Amerika hindiləri Sakit okeanda”, “Aku-Aku Pasxi adasının sirri”, “Pasxi adasının incəsənəti”, “Kon-Tiki” ekspedisiyası”, “Tiqris ekspedisiyası”, “Qədim insan və okean”, “Kon-Tiki”dən, “Ra”ya”, “Maldiv tapmacası”, “Kon-Tiki” səyahəti”, “Fatu-Xiva, təbiətə qayıdış” və s. Bu kitabların təkcə adları onun həm məzmununu, həm də coğrafiyasının genişliyini əks etdirir.

Tur Heyerdal bu kitabların birində Azərbaycanla bağlı görüşlərini, xatirələrini qələmə alıb. O yazırdı: “Mən ilk dəfə Azərbaycanda olanda SSRİ Ali Sovetinin üzvlərindən biri, lakin rus millətinə mənsub olmayan Heydər Əliyevlə görüşdüm. Həmin görüşə qədər mən Azərbaycan Elmlər Akademiyasının akademiki Həsən Əliyevlə bir həftə respublikanı gəzdim. Həsən Əliyev Heydər Əliyevlə doğma qardaş olduğunu mənə deməmişdi. O, məni Azərbaycana dəvət etmişdi ki, dünyada ən qədim tarixə malik olan qayaüstü gəmi təsvirlərini mənə göstərsin”.

O dövrdə, yəni 60-cı illərdə akademik Həsən Əliyevin də şöhrəti vətəndən kənarlara yayılmışdı. O, məşhur akademiki Azərbaycana dəvət edərək qədim yaşayış məskənlərimizi ona göstərmək istəyirdi. Nəhayət, 1981-ci ilin avqust ayında məşhur norveçli alim Bakıya gəldi. Qobustan qayaları onu həqiqətən çox heyrətləndirdi. Bu görüşlə bağlı qələmə alınan yazıların birində deyilir ki, Tur Heyerdal qayalar üzərindəki rəsmlərə baxaraq qeydlər edir və dinib danışmırdı. Çox gərgin işləyirdi. Nəhayət, uzun iş prosesindən sonra ilk dəfə dediyi söz bu olmuşdu: “Bunlar qamışdan düzəldilən qayıqların təsviridir. Yaxın Şərqdə baxdığım qayıqlara çox oxşayır. Hələlik fərqi onda görürəm ki, həmin qayıqlarda Günəşi disk, yaxud adam şəklində göstərmişlər. Qobustan qayalıqlarında isə Günəş tamamilə təbii şəkildə, özü də qayığın başında həkk olunmuşdur”. Bakını Neapola bənzədən Tur Heyerdal Azərbaycan haqqında gözəl fikirlər qələmə alıb. Onu ən çox da heyrətləndirən yurdumuzun özünəməxsusluğu, adət-ənənəsi, xüsusilə də xalqımızın qonaqpərvərliyi olub. Dünyanı başdan-başa səyahət edən bu məşhur alimi heyrətə gətirən məhz  Azərbaycanda gördüyü səmimi münasibət və qonaqpərvərlik olub. Onun Qobustanda apardığı tədqiqatlar çox uğurlu oldu. O, bu qayalıqları Azərbaycan xalqının keçmişi adlandırdı. O, Dəvəçi şəhərində də olmuş, orta əsrlərə aid Şabran şəhərinin qazıntılarına baxmışdır.Elə o vaxt da vəd etmişdir ki, imkan tapan kimi bir də Qobustana gələcək. Onun növbəti səfəri də baş tutdu. Azərbaycan artıq dövlət müstəqilliyini bərpa etmişdi. 1994-cü ilin payızında Tur Heyerdal yenidən Bakıda oldu və Heydər Əliyevlə görüşdü. Yolu yenidən bu qədim ölkəyə düşdü.

1999-cu ilin yazında AMEA-da məşhur səyyah-alim Tur Heyerdalla görüş keçirildi. Azərbaycana əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də eyni səmimiyyət və qonaqpərvərliklə qarşılanan Tur Heyerdal həmin görüşdə dedi: “Ölkənizə ilk gəlişimdə burada başqa bir ictimai sistem mövcud idi. O zaman Qobustandakı qayaüstü təsvirlərlə tanış oldum. Mən burada qayalar üzərində çox qədim dövrlərə aid gəmi təsvirlərinin olduğunu eşitmişdim. Qobustandakı qayaüstü təsvirləri görəndə hiss etdim ki, onlar Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əsla fərqlənmir”. Məşhur səyyah ilk dəfə Azərbaycana  Həsən Əliyev tərəfindən dəvət edildiyini minnətdarlıqla xatırlayaraq Azərbaycanla bağlı sanballı materiallar topladığını bildirdi.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirirdi. O, bir sıra fərziyyələr irəli sürərək Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışırdı. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf etmişdir. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gəliblər. Təsdiqləyirdi ki, Norveçin eramızın 800-cü illərinə qədərki tarixini əvəz edən Skandinaviya mifologiyası vardır. O, hər bir əfsanənin gerçəklikdən qaynaqladığını da dilə gətirirdi. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirirdi ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olmuş, özü də sivilizasiyanın mərkəzində dayanmışdır. O, bu fikrini Qobustan qayaüstü təsvirləri ilə sübut edirdi.

Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü – sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirdi. Respublikamıza böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyurdu. Görüş zamanı  Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq dedi: “Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcəkdir”. Cavab nitqində isə Tur Heyerdal belə söylədi: “…Azərbaycana dəfələrlə ziyarətlərim sayəsində belə qənaətə gəlmişəm ki, ölkələrimiz arasında çay sistemləri vasitəsilə – Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdır”.

Tur Heyerdalın ölkə alimləri ilə yaxınlığı da davam edirdi. Azərbaycana səfər zamanı Şəkiyə gedərək məşhur Kiş kəndində aparılan qazıntı işləri, tədqiqatlar və buradakı IX əsrə məxsus Alban abidəsi, eləcə də Şəki Xan sarayı ilə yaxından tanış olmuşdur.

Məşhur səyyahın bir fikri də maraqlı idi. O böyük ürəklə deyirdi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən “Qafqaz tipi” adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. Gəmiqaya rəsmləri Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi. Çox arzulayırdı ki, Naxçıvana gedərək Gəmiqayanı gözləri ilə görsün. Lakin bu arzusu həyata keçmədi. 2002-ci ilin aprelində Tur Heyerdal vəfat etdi.

Amma onun fikir və düşüncələrini davam etdirmək yoluna nöqtə qoyulmayıb. Norveçli alimlər qayaüstü təsvirləri öyrənməkdə davam edir, elmə məlum olmayan sirlərin açılmasında azərbaycanlı həmkarları ilə birlikdə tədqiqatlar aparırlar. Azərbaycan ərazilərindəki abidələr haqqında üzə çıxan bilgilərdən aydınlaşır ki, tarixin qaranlıq səhifələri getdikcə açılır. Bu işdə Tur Heyerdalın ardıcılları müntəzəm və inadkarlıqla araşdırmalar aparırlar. Uzun illər bizə əfsanə kimi görünən təsvirlər indi məhz həqiqətə dönür. Qədim tariximizin, mədəniyyətimizin daş yaddaşını dilə gətirirlər. 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma